Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Konya °C

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
REKLAM ALANI
24.12.2022
A+
A-

 

 

 

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Dekabrın 21-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

– Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Bir ay bundan əvvəl Prezident Vuçiçin dəvəti ilə mən Serbiyada rəsmi səfərdə olmuşam. Fürsətdən istifadə edərək mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, təəssüratlarımı bölüşmək istəyirəm. Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada olan vəziyyət, gedən inkişaf məni çox təsirləndirdi. Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya hərtərəfli inkişaf edir, həm şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı sahəsində, kənd təsərrüfatı sahəsində. Bu, bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.

Şadam ki, əziz dostum mənim dəvətimi qəbul edib və bir ay keçmədən Bakıya səfər edib. Bu onu göstərir ki, əlaqələrimizin dinamikası doğrudan da çox müsbətdir. Biz keçən ay Belqradda qəbul etdiyimiz qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Nəinki arzulayırıq və eyni zamanda, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bilirəm ki, bu ay ərzində bizim müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu gün bu təmaslar davam edir. Bir sözlə, biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun.

Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır.

Belə gözəl strateji tərəfdaşlıq münasibətlərindən və eyni zamanda, şəxsi dostluq münasibətlərimizdən istifadə edərək, əlbəttə, biz ümid edirik ki, bütün sahələrdə bunun nəticəsi olacaq, ilk növbədə, ticarət sahəsində. Əminəm ki, əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq, hələ ki, o, istənilən səviyyədə deyil. Nəqliyyat-logistika sahəsində böyük potensial var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün bizim müvafiq qurumlar fəal işləməlidir. Aidiyyəti qurumlar arasında təmaslar artıq yaranıbdır.

Təbii ki, energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır.

Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik.

Serbiyada səfərdə olarkən biz, eyni zamanda, müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər verdik. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi üçün praktiki addımların atılması da gözlənilir.

Bir sözlə, ikitərəfli əlaqələrə bir daha nəzər salarkən görürük ki, bütün sahələrdə bu əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur. Əminəm ki, biz gələn ili də bu ab-hava şəraitində keçirəcəyik. Çünki bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olub. Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. Buna görə də biz çox şadıq və əziz dostum Prezident Vuçiçə də bu dostluğa görə təşəkkürümü bildirirəm. Bir daha xoş gəlmisiniz.

x x x

Sonra Serbiya Prezidenti Aleksandar Vuçiç bəyanatla çıxış etdi.

Prezident Aleksandar Vuçiçin bəyanatı

– Hörmətli Prezident Əliyev, əziz dost.

Hər dəfə Azərbaycana gələndə, Bakını ziyarət edəndə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycandan olan birisi üçün bu, bir qədər qeyri-adi görünə bilər. Lakin bu, həqiqətən də belədir. Çünki bir ölkədə yaşayan insanlar həmin ölkənin nə qədər dəyişdiyini görə bilmirlər. Hər dəfə Bakıya gələndə mən həqiqətən də böyük tərəqqinin şahidi oluram. Deyərdim ki, inanılmaz tərəqqini görürəm. Buna görə mənim dostum Sizi təbrik etmək istəyirəm. Bu tərəqqiyə görə Azərbaycan vətəndaşlarını təbrik etmək istəyirəm. Mən Sizin nailiyyətlərinizə görə sevinirəm. Həm mənim nümayəndə heyətim, həm də mən özüm Azərbaycan xalqının və cənab Prezident, şəxsən Sizin səmimi dostunuzuq. Nə üçün mən qısa çıxışıma bununla başladım? Çünki Azərbaycanda gördüyümüz belə sürətli inkişafı müasir dünyada yalnız çox az yerdə görmək olar. Bəziləri deyə bilərlər ki, bu, neft və qaza görədir.

Mən Azərbaycandan 10 dəfə çox neft və qaz ehtiyatlarına malik olan ölkələri tanıyıram, onların vəziyyəti Azərbaycanınkından 10 dəfə pisdir. Bu isə ölkə rəhbərliyinin gücündən, Prezident Əliyevin uzaqgörənliyindən, onun Azərbaycanın və müasir dünyanın üzləşdiyi çağırışlara yaxşı bələd olduğundan xəbər verir. Bu, yaxşı baxışa malik olan ölkə rəhbərliyi ilə necə fərq yarada bildiyinizdən xəbər verir. Yenə də qısa bir hekayəni sizinlə paylaşmaq istəyirəm. 1971-1972-ci illərdə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan yaşlı Şeyx Bin Zayed Liviyaya səfəri zamanı demişdi ki, ümid edirəm, 40 ildən sonra onun ölkəsi Liviya kimi olacaq. Liviyanın BƏƏ-dən beş dəfə çox neft ehtiyatı var. Lakin bir ölkənin hansı vəziyyətdə olduğuna, digər ölkənin isə hansı vəziyyətdə olduğuna nəzər salın. Əminəm ki, Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında Azərbaycandan da daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bildi. Prezident Əliyev kimi ölkəsinə sevgi ilə rəhbərlik etdikdə belə bir vəziyyətin şahidi oluruq. Mən bunu bizə Avropa qədər qaz və elektrik enerjisi lazım olduğuna görə demirəm. Xeyr, bizə daha az həcmdə lazımdır. Bizə bu resurslar lazımdır. Ancaq biz onlar olmadan da yaşaya bilərik. Mən bunu Prezident Əliyevə və onun işinin nəticələrinə səmimi rəğbət bəslədiyimə görə deyirəm. O, Belqradı ziyarət edəndə mənə şəhərin bəzi hissələrini çətinliklə tanıdığını dedi. Onda da mən anladım ki, bir yerdə yaşamayanda həmin yeri ziyarət edəndə siz həmin ölkə və ya şəhərin inkişafının şahidi ola bilirsiniz.

Biz bütün əməkdaşlıq formalarını müzakirə etdik. Bizim aramızda güclü və səmimi dostluq var. Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil. Bunu etmək mümkün deyil. Heç kimin belə bir əməli etmək imkanı yoxdur, ya da onların üzərində bunu etmək üçün təzyiq yoxdur. Biz bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləyirik. Bu, belə olmuşdur və belə də olmağa davam edəcək. Mən Prezident Əliyevə minnətdaram, çünki o, bizim ölkənin ərazisində asayişin qorunması, BMT Nizamnaməsinin tələblərinin müdafiə olunması ilə bağlı üzləşdiyimiz çətinlikləri dəqiqliklə bilir. Həmçinin ondan bilikləri və gələcək haqqında bir çox məsələləri öyrəndiyimə görə də ona minnətdaram. Çünki mən bizi gələcəkdə nələrin gözlədiyini daha real, daha ciddi şəkildə görə bilirəm.

Biz birlikdə əməkdaşlığın mümkün sahələrini təhlil etdik. Sözsüz ki, bizim enerji sahəsi ilə bağlı əməkdaşlıq etməli çox məsələlərimiz var. Biz artıq özümüzün ötürücü sistemlərimizin inşası, inkişafı yollarını müzakirə etdik ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisini əldə edək və özümüzün necə enerji benefisiarları ola biləcəyimizi nəzərdən keçirək. Biz Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə inşa etməyə hazırlaşdığımız interkonnektorlar vasitəsilə Azərbaycan qazını əldə etməyin yolları barədə müzakirə apardıq. Bütün bunlar bizim üçün vacibdir. Lakin hesab edirəm ki, biz eyni dərəcədə mühüm olan, bəlkə də daha mühüm olan bəzi yeni əməkdaşlıq sahələri açırıq. Söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində aparılan işdən gedir. Çünki hesab edirəm ki, əgər buna birgə yanaşmamız olsa, Serbiya və Azərbaycan olaraq bizim böyük potensialımız var. Məhz buna görə biz bir ayda iki dəfə görüşmüşük. Serbiya nümayəndə heyəti tez-tez Azərbaycana gələcək, eynilə Azərbaycan nümayəndə heyəti bir neçə günə Belqrada səfər edəcək. Mənim müdafiə sənayesi naziri ilə çox məhsuldar müzakirələrim oldu. Hesab edirəm ki, müdafiə sektorunun nümayəndələri ilə biz silahlı qüvvələrin fəaliyyətinə dair, habelə silahlı qüvvələrin strukturu ilə bağlı Azərbaycandan çox şey öyrəndik. Biz çox məsələlərlə bağlı məlumat mübadiləsinə hazırıq. Biz müəyyən yaxşı sursat, silah istehsal edirik. Biz hər şeyi birlikdə müasirləşdirməyin yollarını nəzərdən keçirməyə və özümüzü təmin etmək üçün dünya ilə ayaqlaşmağa hazırıq. Çünki bu çətin dövrdə gördük ki, böyük ölkələr qısa zamanda necə bu qədər güc itirə bilərlər, sanksiyaların təsiri, məhvedici təsiri ola bilər. Biz çox da dinc olmayacaq gələcəkdə ölkələrimizi qorumağa və təhlükəsizliyini təmin etməyə hazır olmalıyıq.

Prezident Əliyev, mən Sizə dostluğa, Serbiyaya səmimi münasibətinizə görə olduqca minnətdaram. Arzu edirəm və ümidvaram ki, Siz tezliklə yenidən Serbiya Respublikasına səfər edəcəksiniz və hər hansı Avropa ölkəsinə səfəriniz zamanı daim Serbiyada dayanacaqsınız və o, Sizin həmişə məmnunluqla baş çəkəcəyiniz ikinci eviniz olacaq. Mən həmişə Bakıya gələndə həqiqətən də çox xoşbəxt oluram. Ümidvaram ki, Sizin baxışınız, bizim və xalqınızın səyləri sayəsində əməkdaşlığımız üçün yeni pəncərə açacağıq.

Mən bu səfərdən həqiqətən də çox məmnunam. Bu görüşdən gözləntilərim çoxdur. Həqiqətən də çox xoşbəxtəm ki, Prezident Əliyevdən bu qədər şey öyrənə bilmişəm. Bildiyiniz kimi, mən nə yerli, nə də beynəlxalq ictimaiyyət qarşısında bu cür sözləri deməkdən çəkinmirəm. Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan biri deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm.

Prezident Əliyev, müstəsna qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Mən Serbiya Respublikasına münasibətdə dostluğa görə Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Biz gələcəkdə güclü əlaqələrimizi və güclü dostluğumuzu necə quracağımızı bilirik. Mən inanıram ki, biz bunu ən yaxşı şəkildə xalqlarımızın maraqları naminə edəcəyik. Bir daha təşəkkür edirəm, Prezident Əliyev.

Böyük ölçüdə video

 

 

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/58254

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.